Novruzum | Novruz Bayramına aid şeir


Qədəmin mübarək Novruzum!
Nə qüssə, nə qəm çək, Novruzum!
Başında çələng var al-əlvan,
Səninlə oyanır bu cahan!


Dumduru suların axanda,
Göylərdə şimşəyin çaxanda,
Yamyaşıl otların silkinər,
Gülərsən göy gülər, yer gülər!

Sən bahar qızısan, Novruzum!
Torpağın nazısan, Novruzum!
Al rəngin yaşıla qarışar,
Sən gəlsən küsənlər barışar!


Nəfəsin səməni cücərdər,
Nemətə bürünər süfrələr!
Qoğalın günəşdir nimçədə,
Şamların sönməsin heç vədə!


Şəkərburan aydı evlərdə,
Bol olsun, ruzumuz ellərdə!
Paxlava dörd ünsür, çərşənbə,
Tanrıya duada hər bəndə!


Dörd yana xeyrimiz yollansın!
Qələbə ruhumuz canlansın!
Şirinin, şəkərin, noğulun,
Söylənsin əfsanən, nağılın.


Yumurta bəzənər rəngbərəng,
Tonqalın şimşəklə həmahəng!
Şəninə şərbətlər içilər,
Körpənə köynəklər biçilər!


Güllü don geyinər gözəllər,
Qədrini el bilər, gün bilər!
İgidlər “Qaytağı” oynayar,
Sellərin, suların qaynayar!


Silinər qəlblərin ağrısı,
Parıldar köhlənlər sağrısı,
Torpağın, güllərin, otların,
Bu gözəl, sevimli baharın,


Könüllər vəsfinə söz qoşar,
Nəğməli suların gurlaşar!
Gün vürub, daşların qızanda,
Plovun dəm alar qazanda!


Ən əziz müjdəsən yurduma,
Gəl əziz Novruzum,
Bir də sən yurduma!a

Novruzum şeiri
Müəllif: Zərəngiz Dəmirçi Qayalı

Novruzum | Novruz Bayramına aid şeir novruz seir

 

0 şərh